Tuesday, July 5, 2016

9-cu siniflərin buraxılış imtahanı nəticələri RE-POST


 9-cu siniflərin buraxılış imtahanlarının nəticələri həqiqətən faciəvidirmi?
Aşağıdakı qrafikdə təsvir edilmiş son 4 ilin nəticələrinə nəzər salsaq 2 alanların sayı azalmaqdadır. Bu isə əslində müsbət trenddir. Əgər bu ilin nəticələri “faicəvi” adlandırılırsa, onda keçən ilin nəticələri “lap faciəvi”, 2014-2013 nəticələri isə “lap lap faicəvi” adlandırılmalıdır. 



Nə qədər adam 2 almalıdır? Nə qədər adam 5 almalıdır? Buraxılış imtahanlarında iştirak edənlərin neçə faizi 2 alsa biz nəticəni “faciə” adlandırmarıq?
O sərhəd hansıdır? 5%, 10%, 15%, yoxsa 20%? Bəlkə təklif ola bilər ki, heç 2 alan olmasın, hamı 3,4,5 alsın? Bu sərhədi kim müəyyən edir? Mümkünsə bu barədə şərh bildirin.

Ölkədə nəticələr pisdir dedikdə bütün ölkənimi nəzərdə tuturuq?
Bakıda 5 alanların sayı 2 alanların sayından çoxdur. 2015-ci il Bakı üzrə 9-cu sinif məktəblilərinin 13,5%-i ana dilindən 2 alıb, 19%-i isə 5 alıb. Riyaziyyatdan isə 14%-i 2, 19%-i isə 5 alıb. Bakıda hər 100 şagirddən 14-nün riyaziyyat bilməməsi çox faciəvidirmi? Öz siniflərimizdə olan vəziyyəti xatırlayırıqmı?

Əslində bütün bölgələrin, şəhərlərin, məktəblərin və siniflərin göstəriciləri fərqlidir. Bəzi məktəblər ənənəvi çox güclü, digərləri isə çox zəif nəticə göstərirlər. Məsələn, son illər ölkə üzrə Təhsil Nazirliyi tabeliyində olan liseylərin, digər özəl liseylərin, Naxçıvan, Mingəçevir, Qax, Sumqayıt və Bakı məktəblərinin nəticələri əhəmiyyətli dərəcədə yüksək olub. Bir çox rayonlarda nəticələr isə adətən ciddi problemlidir: Cəlilabad, Ağcabədi, Daşkəsən, Sabirabad, Masallı və Astara kimi.

Ümumiləşdirsəm, 9-cu siniflərin buraxılış nəticələri kəskin sərhədlərlə və ya "yaxşıdır", "pisdir" kimi ümumi sözlərlə təhlil olunmamalıdır. Ölkə daxilində bu göstəricilər dəyişir: çox yaxşı nəticə göstərən məktəblər və rayonlar da var, eyni zamanda çox bərbad nəticə göstərən məktəb/rayonlar. 


Düşünürəm ki, bu məsələlərə urapatriotizm və ya zay məhsul prinsipindən baxmaq olmaz. 

Tuesday, December 22, 2015

ixrac barədə

Azdan-çoxdan iqtisadiyyat kitabı oxuyanlar devalvasiyanın ixrac üçün yaxşı olduğunu deyirlər. Bizim halımızdakı bir ölkə üçün bu məsələ çox şişirdilir. Azərbaycan nə Çindir, nə Argentina. İxracı əhəmiyyətli dərəcədə artırmaq elə də asan iş deyil, xüsusən ixrac potensialı zəif olan ölkə üçün. Qısaca:
1) Kənd təsərrüfatı. 
Torpaqlar keyfiyyətsizdir, yaxşı məhsul üçün yararlı deyil. Miqyas effekti yoxdur, torpaqlar bölünüb və fərqli əllərdədir. 
Məhsuldarlıq aşağıdır və artması üçün böyük investisiyalar gərəkir. Prioritet sahə ola bilər bizim üçün, amma böyük pullardan söhbət gedə bilməz. Əksər hallarda Rusiyadan asılıyıq, keyfiyyət və rəqabətqabiliyyətliliyimiz imkan vermir başqa ölkələrə çıxmağa. Moskvada vəziyyət pisdirsə, bizim işlərimiz də çiçəklənməyəcək.

2) Ölkə ixracının 8-10 faizi q-neft sektorundadır. Bir çox sahələr elə xammal satır və ya yan-sənayedir. Nə brendimiz var, nə də məhsulumuz. Biz xammal ölkəsiyik yəni.
3) Toplam ixracın cəmi 5 %-ni özəl sektor verir. Artıq şərhə ehtiyac yoxdur.
4) Yerli istehsalçıların əksəriyyəti idxaldan asılır. Azersun şəkər qamışının əhəmiyyətli hissəsini Braziliyadan alır məsələn. Meyvə yetişdirənin gübrəsi , məhsul istehsal edənin şüşəsi, kartonu, qapağı və.s kənardan gəlir.
5) Export işi ölkənin imici söhbətidir həm də. Made in Germany, Made in Japan. Bura keyfiyyətli məhsuldan başqa sənin ölkənin reputasiyası və.s və.s daxildir.

İxrac sahəsinə yönəlmiş kiçik şirkətlər üçün qazanc ola bilər, amma bütövlükdə ölkə üçün ağır söhbətdir. Çox uzatmadan elə burda dayanaq.

Tuesday, August 25, 2015

From Azerbaijan to World: Az-Granata Export Catalogue

I've developed a new export catalogue for Az-Granata, one of the largest beverage producers in the South Caucasus. The beverage factory has juice, concentrate, wine and compote production. Its well-known local brands are: Vita1000 and +More 
www.azganata.az 
The factory is specialized in export of organic pomegranate juice and concentrate. 
Az-Granata exports its pomegranate products to 20 countries. 
Pomegranate gardens are organic and certified by Lacon GmbH, Germany.









Sunday, August 16, 2015

İt gəzintisi

Əslində Bakı və onun sakinləri çox azad yaşayır.Bu xoşbəxtliyi xüsusən it gəzdirənlərə aid etmək olar.Bunu heyvan sevgim az olduğuna və ya itim olmadığına görə yazmıram. J

  • Neçənci dəfədir müşahidə edirəm ki, sarışın xanımlar gəzdirdikləri itlə metro vaqonuna daxil olurlar. Bildiyim qədəriylə özünə hörmət edən şəhərlərdə bu qadağandır, elə bizdə də. Məsələn, Nyu-York metrosunda heyvanların o zaman ictimai nəqliyyatda daşınması mümkündür ki, onlar digər insanları narahat etməsin və xüsusi qəfəsəbənzər qutularda daşınsın. Yalnız görmə əngəllilərə kömək edən və xidməti/axtarış itləri vaqona daxil ola bilər.
  • Bu çox balaca məsələdir yəqin ki, amma it sahibləri öz itinin nəcisini belə təmizləməyə ehtyac görmürlər küçədə və parkda.
  • Böyük itlər qadınları və uşaqları qorxudur. Hərdən qışqırıq səsləri eşidilir şəhər mərkəzində. İtin ağzını bağlamağa da ehtiyac görmürlər.

P.S "pets may travel on NYC buses and subways if they are “enclosed in a container and carried in a manner which would not annoy other passengers. As always, the container requirement does not apply to service animals. "
Daha məsuliyyətli fərdlər və toplum diləyiylə.

Yeni Abituriyentlər

Yeni abituriyentləri təbrik edirəm. Yeni nəsil çox mənada bizdən şanslıdır.
Əvvəlki illərlə, bizim vaxtla müqayisədə indi tələbələr üçün daha yaxşı və çoxseçimli imkanlar var. Bu yöndə sizi ruhdan salacaq neqativ adamlara və şərhlərə vaxt ayırmayın. 
İndiki halda tələbələr üçün əsas prioritet yaxşı oxumaq, özünü inkişafa pul və vaxt xərcləmək olmalıdır. Yaxşı oxuyan tələbə üçün çətin kimsə əngəl yaratmaq istəyində olsun. Həm ailə, həm də universitet yaxşı tələbəyə dəstək olacaq.

Keçən 15 illə müqayisədə:
- İnfrasturuktur və şərait baxımından son illərdə universitetlərdə vəziyyət əvvəlkindən çox yaxşıdır. Qışqa soyuq binalar əsl demotivasiya idi. İndi hamının universitetdə və evində interneti var.
- Xaricdə universitet oxuyub gəlmiş xeyli gənc universitetlərdə dərs deyir. Bu gənc müəllimlərin təcrübəsindən, məsləhətlərindən yararlanmaq lazımdır.
- Daha çox mübadilə proqramları və xaricdə təhsili davam etdimək imkanları var.
- Bir çox ixtisas üzrə daha yaxşı təhsil imkanları təklif edən SABAH qrupları var, bizim köhnə XİQ kimi.
- ADA, İqtisad, Xəzər, Qafqaz, Azərbaycan kimi yaxşı universitetlər var
Elə ilk kursdan sizə maraqlı olan peşə üzrə, oxşar sahədə, alınmasa hər hansı sahə üzrə praktikadan keçin. 
Ən əsası isə tələbənin öz-özündə həvəs formalaşdıra bilməsidir. Əgər alınsa, hər şey yaxşı olacaq və siz qəhrəmansınız! 

Alınmasa belə qəhrəman olan çox gənclər görmüşük. Uğurlar!

Sundar Pichai

Google şirkətinin yeni CEO-su, hindistanlı Sundar Pichai uğurlarında valideynlərinin rolu barədə:
Mənim uğurlarım üçün valideynlərim çox əziyyət çəkiblər. Onların heç vaxt avtomobili, çox otaqlı evi və televizoru olmayıb. Bir gün ailəm illərdir yığdığı bütün pulları mənim Amerikaya uçuş biletimə xərclədi ki, qazandığım təqaüdlə universitetdə təhsil alım.


Vita1000 Su

Nəhayət soyuducuya yerləşən 5 litrlik su qablaşması bazara çıxdı.
Nəhayət bu qablaşmadan bizim məhəllə marketində də var. 


Monday, August 3, 2015

Yeni məzunlar üçün iş tapmaq barədə xülasə

İş tapmağın çətinliyindən şikayət edən məzunlar üçün qısa xülasə:
Problem mühtdədir, o cümlədən gənclərdə. Hamı başa düşür ki, yerli universitetlərdə iş bazarına uyğun bilik və bacarıqlar öyrədilmir. Gənclər də iş bazarını başa düşmürlər. İxtisas seçimi, lazımlı biliklərə fokus olmaq əvəzinə vaxt və resurslarını gərəksizcəsinə xərcləyirlər.
Son illər xeyli universitet məzunlarından müsahibə götürmüş və kömək etmiş biri kimi aşağıdakıları söyləyə bilərəm.
  • Bazarda ingilis dilini bilən adam ehtiyac azdır, əvvəlki illərlə müqaysədə. Dil öyrənmək trendi 10 il öncənin dəbi idi. Yalnız rus və ingilis dillərini öyrənməyə ömrünün 5-10 ilini həsr etmiş, digər sahələrdə bacarıqlarını inkişaf etdirməmiş bir gənc xanım tur agentlikdə 250 azn maaşa çalışır. Bu bir az radikal misaldır, amma dil bilməklə hər şey həll olmur bu gün. Bazarda həddən çox dil bilən adam var. Başqa üstünlüklər qazandıracaq bacarıqların əldə olunmasına fokus olmaq lazımdır.
  • Biznes və iqtisadiyyat kimi sahələrdə əksər işlər üçün yuxarı səviyyədə Excel bacarığı, critical thinking, hesab-kitab, alış-veriş və araşdırma kimi bacarıqlar gərəklidir. Ölkədə nə qədər benzin doldurma məntəqəsi var? Çadır biznesində uğurlu olmaq üçün hansı şərtlər lazımdır? Kimi suallara cavab verə bilməyən namizədləri yaxşı şirkətlər işə almaqda tərəddüd edirlər.
  • Gənclər son illər facebook’da, social tədbirlərdə çox vaxt xərcləyirlər. Bu bəlkə də bir çox adam üçün müsbət haldır. Amma müşahidəm göstərir ki, yanlış adamlar örnək alınır, məsləhət istənilir. Təcrübə və praktika keçmək istəmir gənclər. Hamıdan öyrənmək lazımdır, xüsusən iş adamlarından məsləhət və kömək istəmək.
  • Mühitin əsas problem isə özəl sector ilə universitetlər arasında siqnal alış-verişinin olmamasıdır. Bir başqa problem ölkədə indiyədək olan asan qazanılmış pullar idi. Əksər gənclər 200 manata işləmək istəmir. Baxır ətrafına görür ki, dostu yeni dəbli maşın sürür. Düşünür ki, mən də elə yaşayım gərək, maddi olaraq zirvədən başlayım. Nepotizm və qohumbazlıq məsələlərinin qoyuram bir kənara, bu da çox ciddi əngəldir.
  • Özəl sektordan deyə bilərəm ki, özünü inkişafa sərmayə yatırmış və çox çalışmış gənclər 5 il sonra yaxşı yerlərdə olurlar.

  
P.S McDonalds’da işləməlidir tələbə, satış şirkətində ekspeditor köməkçisi, vitrin düzəldən və.s. Ayıb deyə bir şey yoxdur. Yığırsan təcrübəni, sonra isə artilleriyanı göstərirsən ki nə var baqajında.

Çox çalışmaq lazımdır!

Wednesday, July 22, 2015

Şərəf məsələsi - Koreya və Almaniya

1997'ci ildəki Asiya böhranı Cənubi Koreyanı pis vurmuşdu, ölkə iflas ərəfəsindəydi.  Ölkənin valyutası çökmüşdü, bir çox şirkət və banklar iflas oldu. 98'ci ildə hökümət xalqdan kömək istəyir.
Qadınlar qızıl üzüklərini, idmançılar qızıl medallarını dövlətə bağışladılar. Bir neçə ay sonra 227 ton qızıl yığıldı, $4 milyard dollar dəyərində. Koreya isə Beynəlxalq Valyuta Fonduna olan borcunu vaxtından tez ödədi.

Napoleona qarşı azadlıq müharibəsində Prusiya kraliçası Marianne 1813'cü ildə bütün alman qadınlarına müraciət edir və xahiş edir ki, qızıl və digər zinət əşyalarını ordunun maliyyələşməsi üçün dövlətə versinlər, əvəzində onlara dəmirdən/tökmə çuqundan hazırlanmış üzük və digər zərgərlik əşyaları veriləcək. Bu üzük və əşyaların üzərində "Ölkəmizin rifahı üçün" (Für das Wohl des Vaterlands-For the welfare of our country / fatherland) və "Qızılı dəmirə dəyişdim"  (Gold gab ich für Eisen-I gave gold for iron) yazılırdı. Dəmirdən düzəldilmiş zinət əşyalarının elə çox maddi dəyəri olmasa da, bir çoxları üçün bu bər-bəzəklə gəzmək bir şərəf məsələsi idi. 
Yaşam da belədir, bəzi maddi dəyəri olmayan çox şey sizin üçün şərəf məsələsidir. 

P.S aşağı-yuxarı bu gün Yunanıstanı da eyni tale gözləyir. Özəl sektor, fərdlər dövləti iflasdan qurtarmaq üçün dəstək olmalıdılar. Bu ya dövlət əmlakının satışı, vergilərin artırılması, ya da yuxarıda göstərilən kimi fərdlərin və özəl sektorun mal-mülk bağışlaması halında mümkündür.



Napoleon's Project failure, Ferrari pit-stop

Project Failure
There is one popular story in our history classes about Napoleon's failure to invade Russia. History textbooks, and teachers who passionately talk about this story mainly connect this unsuccessful result to the following factors: 
1) Climate-cold weather, the curse of god
2) Undefeated and heroic Russian nation
Napoleon's invasion failed because the Grand Armee was not equipped with the type of clothing needed to survive the winter. So, it was a mere planning failure. A project without a critical path is like a ship without a rudder.

Benchmarking; across different industries
Ferrari's pit-stop crew has a clear chain of command, allowing them to refuel the car and change all four tires in less than 7 seconds. 
Some firms learn from another organization that operates in completely different market. In 2005, two doctors from London's Great Ormond Street children's hospital were struck by the efficiency of the Ferrari pit crew during a Formula 1 race.
Doctors observed that only one person in the crew gave orders, avoiding time lost in discussion, and pit-stop routines were standardized. Crew members specialized in one task, which they practiced over and over, until it was perfect.
Doctors changed working arrangements at the hospital by applying Ferrari's best practice: clear job descriptions meant each member of staff knew what their role was, and a leadership position was assigned for each shift. As a result, patient handover errors between the operating theatre and intensive care unit fell by 70 per cent.


Tuesday, July 21, 2015

Mətbuat günündə Zərdabinin həyatından bir hissə.

Mətbuat günümüz mübarək. Zərdabinin həyatından bir hissə.
XX əsrin əvvəlləri...
Bakıda su qıtlığı var. Şəhərə suyu iri çənlərdə gətirirlər. Su kəməri çəkmək məsələsi gündəmdədir. Həsən bəy Dumanın iclaslarında şəhərə təmiz dağ suyu çəkmək məsələsini qaldırır.
Şəhər Dumasındakı bir başqa deputat - Ambarsum Məlikov şəhərə suyun onun Zuğulbada olan malikanəsindəki çeşmədən çəkilməsini istəyir. Bu, ona böyük gəlir gətirəcək. Həsən bəyin qızı Qəribsoltan xanım xatirələrində yazırki, bir dəfə atasının öz dostları ilə söhbətinin şahidi olur. Həsən bəy həyəcanla deyirmiş:
“Bu dələduz şəhərə özü ilə bərabər qızdırma gətirən su çəkdirmək istəyir. Buna yol vermək olmaz!..”.
Dumada Zərdabinin dirənişindən xoflanan Ambarsum Məlikov ona o vaxta görə çox böyük məbləğ sayılan bir neçə min rubl rüşvət göndərir.
Qəribsoltan xanım yazır ki, mən evimizdə hələ buna oxşar fırtına görməmişdim:
“Həmişə özünü təmkinli və nəzakətli aparan atam bu dəfə təsvirəgəlməz hiddətlə püskürən vulkana dönmüşdü”.
Həsən bəy dəli kimi (qızı belə yazır-S.İ.) bağırır: “O məni satın almaq istəyir!”.
Hənifə xanım var gücü ilə Həsən bəyi sakitləşdirməyə çalışır, amma nail olmur. Əsl mərəkə Dumanın iclasında baş verir. Həsən bəy Ambarsum Məlikovu hamının yanında “yaramaz” adlandırır. Ambarsum bərk hirslənib onu duelə çağırır...
Həsən bəy: - Nə? Sizinlə duel?!. Siz, sadəcə, axmaqsınız! Özündən çıxmış Həsən bəy bu sözləri deyərək Dumanın iclas zalını tərk edir. Evdə Hənifə xanım onu yatağa uzadır.
Özündə olmayan Həsən bəy bu sözləri aramsız təkrarlayır: - Mən bacarmadım!.. Başa düşürsən?! Adamı dəhşətə gətirən odur ki, bütöv bir xalqın sağlamlığı məsələsi həll olunarkən, o dələduz utanmadan alicənablıq məzhəkəsi oynadı və ləyaqətsizliklə üstün gəldi.
1904-cü ildə Zuğulbadan Bakıya çəkilən suya gəlincə, Həsən bəyin dediyi kimi, bu su şəhəri xilas edə bilmir. Axı yararsız idi, texniki məqsədlər üçün istifadə olunurdu.
Hacı Zeynalabdin Tağıyev , eləcə də Həsən Bəy Zərdabi əhalinin su təchizatını yaxşılaşdırmaq üçün çox böyük səylər göstərməyə başlayırlar və uzun illərdən sonra---1917-ci ildə şəhərə “Şollar” Su Kəməri çəkilir.

Bu kəmər istifadəyə veriləndə “Böyük Əkinçi” arıtq 10 il idi ki həyata göz yummuşdu.

Friday, July 17, 2015

məsləhət verənlər

Çevrənizdəki xeyli adam sizə çox asan məsləhətlər verə bilər, qınaya bilərlər ki filan xasiyyətinizdən əl çəkəsiniz, qəlyanı buraxasan bəlkə/idmana başlasan yaxşıdır və.s kimi. 
Deyilənə görə şəkər/şirni çox pis narkotikdir, kokain və televiziyadan imtina edənlər belə ondan əl çəkməyə çətinlik çəkirlər.
Qandinin yanına bir qadın gəlir oğlu ilə və xahiş edir ki onun oğlunu şəkər yeməyi dayandırmağa inandıra bilsin.
Qandi cavab verir:
– Gedin, üç həftədən sonra gələrsiniz. 
Təəccüblənən qadın üç həftə sonra oğlu ilə qayıdır. Qandi oğlana baxır və deyir:
- Şəkər yeməyi dayandır
Oğlan otaqdan çıxanda anası Qandidən maraqla soruşur ki niyə bəs bunu üç həftə öncə demədiniz.
- Üç həftə öncə mən də şəkər yemişdim. 
Odur ki, özünüzə rəva görmədiyinizi başqalarına da rəva görməyin.

siz çox ağıllısınız vs. siz yaxşı bacardınız

Nyu-York məktəblərində belə bir eksperiment aparıblar. 5-ci sinifdə oxuyan 400 şagirdə çətin olmayan testlər veriblər. Testləri cavablandırandan sonra şagirdlərin bir hissəsini tərifləyiblər ki, bəs siz çox ağıllısınız, digər hissəsinə isə deyiblər ki, siz yaxşı bacarmısınız. 

Daha sonra hamıya iki yeni tapşırıq daha veriblər - biri asan, biri çətin. Yəni, ikisindən birini seçin deyə. Maraqlıdır ki, çox ağıllıların 90%-i asan testləri seçiblər, yaxşı bacaranlar isə çətin testləri. 
Çox ağıllılar artıq çox ağıllı olduqların sübut etmişdilər və bu faktı şübhə altına sala biləcək çətin sualları etməkdə maraqlı deyildilər.

İki dovşanı qovalamaq, riyaziyyat və ədəbiyyat

Türk yazarı Mehmet Murat İldan’dan soruşurlar –
-Əziz İldan, siz İqtisad oxuyandan sonra Ədəbiyyata keçdiniz. İkisi ilə də bir arada məşğul olmağı düşündünüzmü?
- Mən 1984-1997 illərində ODTÜ-də bakalavr, İngiltərədə magistatura və doktorluq etdikdən sonra bir də baxdım 13 ildir iqtisadiyyatla məşğulam. İqtisad peşəsini tərk etdiyimdə bu sualı mən də ciddi şəkildə özümə verdim. Cavabı isə bu gözəl Zen hekayəsində tapdım:
Bir savaş sənəti ustasının tələbəsi müəlliminə sual vermək üçün yaxınlaşır:
“Savaş sənəti sahəsində biliyimi artırmaq, bu sahədə irəliləmək istəyirəm. Eyni zamanda bir başqa müəllimlə də başqa stilləri öyrənmək üçün çalışmaq istəyirəm. Bu düşüncəmlə bağlı nə deyə bilərsiniz?”
Müəllim belə cavab verir:
“İki dovşanı qovalayan bir ovçu ikisini də tuta bilməz!”

Bəli, mən də bu hekayənin tövsiyəsinə inanıb ədəbiyyat dovşanını seçdim. Ədəbiyyat səyahətimdə iqtisad təhsilimin böyük köməyini gördüm. Xüsusilə doktorluq işim məni çox tələbkar etmişdi. Riyaziyyat biliyi hər insana bütün həyatı boyu köməkçi olur. “Simyacı'nın Karısı” adlı əsərimdə simmetrik səhnələr riyaziyyatın köməkliyi ilə məndə formalaşan düşüncədən yarandı. İnsanın həyatı boyu öyrəndiyi hər nəsnə bəzən fərqində olmasa belə bir gün mütləq onun köməyinə yetişər.

Ramazan iqtisadiyyatı

Ramazan bayramınız mübarək. Ramazan iqtisadiyyatı deyə araşdırma mövzuları var, bəzi yanaşmalar barədə qısa da olsa.
1) Ramazan ayında həyatın ritmi yavaşlayır. Orucluğun fizioloji effektlərini də nəzərə almaqla bir çoxları bu ayın iş məhsuldarlığına pis təsir etdiyini iddia edir.
2) Bir çox müsəlman ölkəsində özəl və dövlət sektorları iş saatlarını 2-3 saat azaldırlar ki, orucluğun fizioloji təsirlərini yumşaltsınlar.
3) Bir araşdırmaya görə iş vaxtının 2 saat azalması ay ərzində 40 iş saatının itirilməsi deməkdir. Bu isə həmin ayın İqtisadi məhsulunu 7-8% azaldır. Həmin ay boyunca bu əksər ölkələrdə belədir. Amma həmin araşdırmaya görə Ramazandan sonra insanlar daha məhsuldar və həvəslə işləyirlər, bu isə həmin itkini artıqlamasıyla kompensasiya edir.
4) Bu ayın mahiyyətində çox önəmli sosial və mənəvi əsaslar var, müsəlman ailəsi ilə daha çox vaxt keçirmək, icma ilə yığışmaq, xeyriyyəçilik etmək və.s.
5) İş məhsuldarlığı azalsa da, əhalinin xərcləmələri artır. İndoneziyada istehlakçı məhsullarına olan xərcləmələr hər il Ramazan dövründə 10% artır.
6) İndoneziya və Malayziya kimi ölkələrdə iş saatlarını azaltmaq əvəzinə insanlara şərait yaradılır ki, iş saatlarını özləri seçsinlər. Məsələn, səhər saat 7-də işə gəlib günorta işi bitirsinlər.


Tuesday, July 14, 2015

Beynəlxalq Riyaziyyat Olimpiadası 2015

Tailandda keçrilən 2015 Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycan komandası 2 bürünc medal və 4 həvəsləndirici mükafat qazanıb.
Bu isə qəhrəmanların siyahısı. Təbriklər! #imo2015

Həndəsə sualını bizdən hamı maksimum yazıb, 42 mümkün baldan 42.


Beynəlxalq Fizika Olimpiadası

Bu həftə Hindistanda keçrilən 2015 Beynəlxalq Fizika olimpiadasında Azərbaycandan Tural Əliyev bürünc medal aldı. 
2014 Beynəlxalq Fizika olimpiadasından da bürünc gətirmişdi.
Həm də Asiya Fizika Olimpiadasının bürünc medalçısıdır 
‪#‎ipho2015



Monday, July 13, 2015

az sat, yaxşı sat

2009-da Apple şirkəti iTunes-dan satdığı mahnılar üçün olan qiymət siyasətini dəyişdi. Həmin vaxtadək bütün mp3-lərin qiyməti $0.99 idi. Yeni qiymət mexanizmində mp3-lər üç şkalada dəyərləndirildi - $0,69, $0,99 və $1.29. Hər həftənin top 200 mahnısı cəmi satışın 17%-ni təşkil edirdi. Taylor Swift və Black Eyed Peas kimi artistlərin hit mahnılarını $1.29-dan satmağa başladılar. 
6 ayın sonuna olan nəticələrə görə iTunes-dan həftəlik top 200 mahnı yükləmələri 6% azaldı. Amma qiymətdəki 30% artım hesabına Apple daha çox pul qazandı. 

Keçən il bir restoran şəbəkəsinin menyu qiymətlərini yenidən işlədik. 7 və 12 manatlıq pitsalar satırdılar. 8-10-12 etdik, 10 manatlığın satışları artdı. 


Yaxşı Qiymətqoyma biznesdə çox önəmlidir.
‪#‎CanSellingLessOfSomethingBeMoreProfitableThanSellingMoreOfIt

TINSTAAFL

Çox asan əldə edilənlərin əslində bir təhlükə olduğunu demək. 
-Ucuz ətin şorbası olmaz.
-Bedava peynir sadece fare kapanında olur.
-The only free cheese is in the mouse trap.
-TINSTAAFL (There's no such thing as a free lunch)

Friday, July 10, 2015

Uşaqlıqdan izləmək və nəticə çıxarmaq bacarığı

Yaxşı uşaq tərbiyə etmək ətrafda gördüyüm bir çox ailəli dostlarımın əsas narahatçılıqlarındandır. Məsuliyyətli və daha yararlı nəsil yetişdirmək amalında olanlar da indidən gərək bu çətin hazırlıqlara başlasınlar ki, vətənə millətə xeyirli fərdləri yetişdirə bilək. 
Məşhur fizik Riçard Feynman həmişə atasının onun yetişməsində necə böyük rol oynadığından yazıb. Ata ilə oğulun söhbətlərindən indiyədək bir neçəsin paylaşmışam, bu gün isə bir başqasın paylaşıram. Böyük ibrət var bu söhbətlərdə, uşaqları belə yetişdirmək lazımdır. 
Feynman uşaq yaşlarında parkda dostları ilə oynarkən bir uşaq ondan soruşur.
- Bu quşu tanıyırsanmı? 
- Yox, tanımıram
- Demək atan sənə heç nə öyrətməyib, bu qəhvərəngli boğazı olan quşdur. 
Əksinə, Feynmanın atası ona çox şey öyrətmişdi.
Bu quşun Spencey bülbülü olduğunu, italyanca, portuqalca, çincə, yaponca bu quşun necə adlandığını. 
Amma Feynmanın atası həmişə deyərdi: 
Bir quşun adını bütün dillərdə bilə bilərsən, başqa ölkələrdə adamların bu quşa nə dediklərini və necə yaşadıqlarını. Amma yenə də o quş haqqında heç bir şey bilməyəcəksən oğul. Gəl bərabər bu quşa baxaq və onun nə etdiyi izləyək.
Qısası - bir gəzintidə gördüyün quşun adını əzbərləməkdənsə, quşun necə davrandığını və niyə elə davrandığını izlə və nəticə çıxar. 
Çıxarılan Dərs: Bir nəsnənin adını bilməklə özünü bilmək arasında böyük fərq var.
Sonralara isə Feynman bildi ki, bu quşun adı fərqliymiş. Heç çin və portuqal dillərində də atası quşun adını düz deməmişdi. Amma Feynman uşaqlıqda izləməyi və nəticə çıxarmağı öyrənmişdi.