Wednesday, February 18, 2015

dollar-manat kursu

Salam. Son günlər dollar-manat kursu və.s ilə bağlı müzakirələri çox görürük. Nəzərə alsaq ki, hamının iqtisadi bilikləri yoxdur, bu mövzu xeyli dostlar üçün mürəkkəb görünür. Buna görə,valyuta məzənnələrinin necə formalaşması ilə bağlı sadə nəzəri izahatı gözdən keçirməkdə fayda var. Valyuta məzənnəsi - bir pulun digər pula nisbətdə dəyərinin ifadəsidir. Məsələn, 1 dollar verib 25 rubl alırsınızsa, o zaman 1 rubl = 0.04 dollardır. 100 rubl 4 dollar edər. Hər bir valyuta nəzəri olaraq digər bir valyuta ilə dəyişdirilə bilər. Bəzi valyutaları dünyanın hər yerində digərinə dəyişmək mümkündür. Digərlərini isə yalnız yerli bazarlarda. Valyuta məzənnələri necə formalaşır? Böyük bir bazar təsəvvür edin. Bu bazarda manatla kartof yox, dollar və ya avro almağa gəlibsiniz. Bu bazarda alıcı və satıcılar kimlərdir? Turistlər, qonaqlar, banklar, xaricdən mal alan və ya xaricə mal göndərən hamı-banklar, şirkətlər və digər iştirakçılar.  Əgər Azərbaycan şirkəti Çindən kompüter alırsa, o zaman bu şirkətə Çinin pul vahidi yuan lazımdır. Əksinə, çindəki şirkət Azərbaycandan məhsul alırsa, ona manat lazımdır. Əgər çin məhsullarına bizim bazarda daha çox tələb varsa, o zaman biz daha çox yuan almağa başlayacağıq ki, daha çox idxal edək. Yuan bu zaman manata nisbətdə daha dəyərli olacaq, ona tələb artdığına görə. Valyutalar arasındakı məzənnə adətən dollara nisbətdə müəyyənləşir. Yəni Çin şirkəti pulunu dollara çevirib bizə göndərir, biz də həmin dolları manata çeviririk. Ticarət Balansı – valyuta məzənnəsinə təsir edən ən önəmli faktorlardandır: Əgər biz idxal etdiyimizdən daha çox ixrac ediriksə, o zaman bizim ticarət balansımız müsbət olur. Beləcə bizim valyutamıza olan ehtiyac da artır. Yox əgər biz daha çox mal alırıqsa, yəni idxal ediriksə o zaman digər ölkələrin valyutasına ehtiyac yaranır və onların valyutası dəyər qazanır. Daxili bazarda idxal malları nə qədər çoxdursa, məzənnənin necə olmasının ümumi inflyasiya səviyyəsinə təsiri də bir o qədər əhəmiyyətli olur.

No comments: