Showing posts with label təhsil bloqu. Show all posts
Showing posts with label təhsil bloqu. Show all posts

Sunday, July 5, 2015

STEM təhsili

Hər il OECD ölkələri riyaziyyat təhsilinə $236 milyard xərcləyirlər. Buna rəğmən Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat sahələrində kadr və istedad qıtlığı müşahidə edilir.

STEM Education. Yəni Science (Elm), Technology (Texnologiya), Engineering (Mühəndislik), Mathematics (Riyaziyyat) yönümlü təhsil. Əvvəllər ayrılıqda riyaziyyat, fizika, kimya təmayüllü məktəblər vardı (yəgin indi də var). Amma zaman-zaman bu təmayül yanaşmasının təkcə riyaziyyat və ya fizika üzərindən baxılmasının düzgün olmadığı aşkar olundu. Bu dördlüyün birlikdə olması bu istiqamətdə təhsilin daha mükəmməl və şəraitə adekvat nəticələnməsinə gətirir. Obama Administrasiyasının 2014 büdcəsində STEM təhsili üzrə federal proqramlara $3.1 milyard ayrılıb. Britaniyanın Mühəndislik üzrə Kral Akademiyasının (Royal Academy of Engineering) hesabatına görə Britaniyada daxili əmək bazarı üçün 2020-ə qədər hər il 100.000 STEM peşəkarlarının yetişməsinə ehtiyac var. Almaniyanın bu ehtiyacı 200.000 civarındadır.

Bütün dünya ölkələrində innovasiyanı şərtləndirən məhz bu sahələrin inkişafıdır. Biz də uşaqlarımızı bu sahələrə yönəltməliyik. Riyaziyyat, mühəndislik, kodinq, robotiks, qısacası elmə. Ölkənin və insanların əlavə dəyər yaratması bu halda, tətbiqi sahələrə yönəlməklə mümkündür. 




Monday, October 27, 2014

işini yaxşı bilmək barədə

Rəqabətli olmağı, uğuru, yaxşı cəmiyyəti, elm, təhsil və dövlət quruculuğunu şərtləndirən bir neçə amildən başlayaq.

1) Öz İşini Yaxşı Bilmək
2) Məktəbləşmə
3) Ənənələrin Yaranması - İnstitutlaşma

İnanılır ki, öz işini yaxşı bilməyin, təhsil almağın və ixtisaslaşmanın gətirdiyi birinci fayda artan əmək məhsuldarlığıdır. Artan əmək məhsuldarlığı daha çox gəlir deməkdir. Yaxşı təhsil və ixtisaslaşma aşağı cinayət səviyyəsidir. Artan gəlirlər sabahın investisiyasıdır. İnvestisiyalar isə artımdır və inkişafı şərtləndirir.

Yaxşı cəmiyyətin sağlam bünövrəsi öz işini yaxşı bilən adamlara dayanmaqdadır. Bu insanların topladığı təcrübə, ixtisaslaşma və cəmiyyətə ötürdükləri fayda  illərin ənənələrinə dayandığı zaman daşlaşıb bərkiyər.

Amerikalı turist İngiltərədə  bir sarayı ziyarət edər. Saray bağçasındakı otların çox yaşıl və parlaq olmasına heyran qalar. Bağbandan soruşar ki, siz bunu necə edirsiniz? Bizdə, Amerikada belə gözəl alınmır. Bağban deyər ki, əvvəlcə torpağı belləyirik, toxum tökürük, gübrə atırıq, üzərinə vururuq, yağış yağır, sulayırıq, ot çıxır, sonra kəsirik, sonra yenə vururuq, sonra yenə kəsirik, yenə vururuq. Amerikalı cavab verər ki, toxumunuz çox keyfiyyətlidir yəqin. Bağban orta keyfiyyətli olduğunu söyləyər. Turist heyrətini gizlətməyib deyər, axı biz də eyni prosesi həyata keçiririk, toxumu səpirik, ot çıxır, otu kəsirik, sonra üzərinə vururuq. Amma bizdə belə alınmır. Bağban cavab verər ki, amma biz bunu 700 ildir edirik.

Bir türk alimindən soruşublar ki, niyə biz elmdə qərbdən bu qədər geriyik? Cavab verir ki, bizim yalnız elm adamlarımız var, bizdən bir az irəli olanların isə elm məktəbləri, bizdən çox irəlidə olanların isə elm ənənələri. 

Və ya götürək ölkəmizin şahmat uğurlarını. ikiqat Avropa çempionuyuq şahmat üzrə. Elə il olub ki, dünya reytinqində ən güclü 15 şahmatçıdan 3-ü azərbaycanlı olub ( Şəhriyar Məmmədyarov, Vüqar Həşimov və Teymur Rəcəbov). Bu uğuru şərtləndirən səbəblər nələrdir bəs? Əlbəttə ki, Sovet dövründə Bakının şahmat məktəblərindən biri olması. Ölkənin bir şahmat yaddaşı və ənənəsi var, bu bizi dünya səviyyəsində rəqabətli edib...

Biz toplum olaraq bir çox sahədə birinci mərhələyə qədəmləyirik. Öz işini yaxşı bilənlərin parlamasına və digərlərinə örnək olmasına çox ehtiyac var. Bu mənada, biznesdə, dövlət işində, fərdi həyatda uğur hekayələrinin yaranmasına və paylaşılmasına önəm verilməlidir ki, yüzlərlə-minlərlə cavan insan ruhlansın. Bu ruhlanma heç şübhəsiz müsbət axınlar və ya üzü yuxarı vektorları, başqa sözlə  desək inkişafı gətirəcək.

Qısa haşiyə - Keçən həftə bu fikirlərimə çox yaxın maraqlı bir sosial kampaniyanın şahidi oldum. AtaSığorta tərəfindən təşkil edilən “Mən İşimi Bilirəm” layihəsidir. (
http://www.ishimibilirem.az/ ). Maraqlı da bir konkurs başlayıb. Layihə barədə linkdən tanış ola bilərsiniz.  Təqdirəlayiq bir işdir, ümid edirəm daha çox insan iştirak edər.

Sonluq olaraq bəzi əlaqəli məsələləri bir daha xatırlamağın yeridir. İş görmək məsələsinə gəldikdə insanlar çox fərqlidir, eləcə də istedadlar və bacarıqlar. Hər Oxuyan Molla Pənah olmaz, və ya müasir deyimlə - hər gitarası olan uşaq Eric Clapton olmaz.
Bu mənada ən  əsas məsələ sevgi və həvəsdir!. Bizim bədənimizi və enerjimizi ruhlandıran məhz həvəs və sevgidir. Sevdiyin işi gördüyün zaman vaxt da sənin üçün bir başqa mahiyyət daşıyır. Sevdiyin işi 5 saat görmək sənə 10 dəqiqə kimi görünür, amma ruhunuza və enerjinizə uyğun gəlməyən işlə 10 dəqiqə məşğul olmaq  bizə 5 saat kimi gələ bilər. Səbəb isə sadədir – bu iş sizin enerji və həvəsinizi qidalandırmır. 

Tuesday, September 3, 2013

Məzun yarmarkası, Yaponiyada

Yaponiyada bir universitetdə məzun yarmarkası ( job-hunting event). Yaponiyada artıq 3'cü kursdan etibarən əksər tələbələr iş bazarına can atırlar, maraqlı olduqları şirkətlərin məlumat sessiyalarına gedirlər. Birinci mərhələdə müraciət forması doldurulur və sənədlər işverənlərə təqdim olunur, mərhələni uğurla başa vuranlar online test və ya imtahana cəlb olunurlar. 

Böyük şirkətlərdə işə keçmək üçün bəzən 10-a kimi imtahan və mərhələlərdən keçməli olursan. İronik olaraq, bir çox hallarda tələbələrin qatıldığı imtahanların təhsil aldıqları sahələr ilə heç bir bağlantısı olmur. 
Şəkildən göründüyü kimi, iş yarmarkalarına dəhşətli maraq olur. Əgər bir tələbə iş yarmarkası mövsümünü itirirsə, bu deməkdir ki onun gələn il olsa belə iş tapmaq imkanları çox azdır. Yapon şirkətləri işçi götürərkən yeni tələbələrə üstünlük verirlər. 
Orta statistik Yapon universiteti tələbəsi bir mövsümdə 50-100 işə müraciət edir. 
Belə işə götürmə sistemi bir çox hallarda xeyli tənqid olunub, amma araşdırmalar deyir ki bu cür rəqabət sistemi güclü iqtisadiyyat qurmağın yollarından biridir.


Sunday, August 25, 2013

İsveç məktəb layihəsi - Openspace

İsveçdə yeni məktəb layihəsi var, adı "OPENSPACE".
Bu siniflərdə divar yoxdur. Məktəblilər istədikləri kimi hərəkət edə bilərlər. Bu məktəblər yerli təhsil sisteminin daha azad bir güzgüsüdür sanki. Deyilənə görə İsveç məktəblərində nə qədər çox bilməyin elə çox önəmi yoxdur, əsas odur ki təhsil prosesi əməkdaşlıq ruhuna dayansın.  

Maraqlıdır ki, bizim təhsil sistemi rusların təcrübəsinə dayanır, onlar da Alman təhsil sistemindən faydalanıblar. Bu barədə iqtisadçı Elçin Rəşidov danışmışdı bir dəfə. Bizim təhsil sisteminin böyütdüyü yaxşı təhsilli insanlarda  IQ yüksək olur, çox yaxşı test həll edə bilirik, suallara doğru cavablar tapa bilirik. Amma çatışmayan EQ (Emosional İntellektdir). Küçədə kiməsə yaxınlaşsan müsahibə üçün kameradan qorxacaq, qaçacaq, utanacaq və ya dili topuq vuracaq, danışa bilməyəcək. Məktəblər uşaqlar üçün  özünü-ifadə məkanı olmalıdır, çox danışdırmaq lazımdır cavanları, imkan yaratmaq lazımdır ki sual versinlər, tənqid etsinlər bir-birilərini. Müzakirə mühitinin imkanları daralanda insanlar da içinəqapanıq böyüyür, onlardan törəyənlər də evdə nə görürlərsə elə də yaşamağa davam edirlər. 

Skandinav təhsil sisteminin uğurları barədə bir çoxumuz bilirik. OPENSPACE layihəsindən bəzi şəkillər. 




















 


Friday, February 17, 2012

Təhsil xərclərinin ÜDM-də payı

 Müxtəlif ölkələrdə təhsil xərcləri təhsil pillələri arasında qeyri-bərabər bölüşdürülüb. Təhsil xərclərinin ÜDM-dəki payı təhsilin keyfiyyəti və.s kimi məsələlər barədə çox şey deməsə də, bu göstərici təhsilin dövlət siyasəti üçün hansı dərəcədə əhəmiyyət kəsb etdiyindən xəbər verə bilər.