Showing posts with label rəqabət. Show all posts
Showing posts with label rəqabət. Show all posts

Monday, October 27, 2014

işini yaxşı bilmək barədə

Rəqabətli olmağı, uğuru, yaxşı cəmiyyəti, elm, təhsil və dövlət quruculuğunu şərtləndirən bir neçə amildən başlayaq.

1) Öz İşini Yaxşı Bilmək
2) Məktəbləşmə
3) Ənənələrin Yaranması - İnstitutlaşma

İnanılır ki, öz işini yaxşı bilməyin, təhsil almağın və ixtisaslaşmanın gətirdiyi birinci fayda artan əmək məhsuldarlığıdır. Artan əmək məhsuldarlığı daha çox gəlir deməkdir. Yaxşı təhsil və ixtisaslaşma aşağı cinayət səviyyəsidir. Artan gəlirlər sabahın investisiyasıdır. İnvestisiyalar isə artımdır və inkişafı şərtləndirir.

Yaxşı cəmiyyətin sağlam bünövrəsi öz işini yaxşı bilən adamlara dayanmaqdadır. Bu insanların topladığı təcrübə, ixtisaslaşma və cəmiyyətə ötürdükləri fayda  illərin ənənələrinə dayandığı zaman daşlaşıb bərkiyər.

Amerikalı turist İngiltərədə  bir sarayı ziyarət edər. Saray bağçasındakı otların çox yaşıl və parlaq olmasına heyran qalar. Bağbandan soruşar ki, siz bunu necə edirsiniz? Bizdə, Amerikada belə gözəl alınmır. Bağban deyər ki, əvvəlcə torpağı belləyirik, toxum tökürük, gübrə atırıq, üzərinə vururuq, yağış yağır, sulayırıq, ot çıxır, sonra kəsirik, sonra yenə vururuq, sonra yenə kəsirik, yenə vururuq. Amerikalı cavab verər ki, toxumunuz çox keyfiyyətlidir yəqin. Bağban orta keyfiyyətli olduğunu söyləyər. Turist heyrətini gizlətməyib deyər, axı biz də eyni prosesi həyata keçiririk, toxumu səpirik, ot çıxır, otu kəsirik, sonra üzərinə vururuq. Amma bizdə belə alınmır. Bağban cavab verər ki, amma biz bunu 700 ildir edirik.

Bir türk alimindən soruşublar ki, niyə biz elmdə qərbdən bu qədər geriyik? Cavab verir ki, bizim yalnız elm adamlarımız var, bizdən bir az irəli olanların isə elm məktəbləri, bizdən çox irəlidə olanların isə elm ənənələri. 

Və ya götürək ölkəmizin şahmat uğurlarını. ikiqat Avropa çempionuyuq şahmat üzrə. Elə il olub ki, dünya reytinqində ən güclü 15 şahmatçıdan 3-ü azərbaycanlı olub ( Şəhriyar Məmmədyarov, Vüqar Həşimov və Teymur Rəcəbov). Bu uğuru şərtləndirən səbəblər nələrdir bəs? Əlbəttə ki, Sovet dövründə Bakının şahmat məktəblərindən biri olması. Ölkənin bir şahmat yaddaşı və ənənəsi var, bu bizi dünya səviyyəsində rəqabətli edib...

Biz toplum olaraq bir çox sahədə birinci mərhələyə qədəmləyirik. Öz işini yaxşı bilənlərin parlamasına və digərlərinə örnək olmasına çox ehtiyac var. Bu mənada, biznesdə, dövlət işində, fərdi həyatda uğur hekayələrinin yaranmasına və paylaşılmasına önəm verilməlidir ki, yüzlərlə-minlərlə cavan insan ruhlansın. Bu ruhlanma heç şübhəsiz müsbət axınlar və ya üzü yuxarı vektorları, başqa sözlə  desək inkişafı gətirəcək.

Qısa haşiyə - Keçən həftə bu fikirlərimə çox yaxın maraqlı bir sosial kampaniyanın şahidi oldum. AtaSığorta tərəfindən təşkil edilən “Mən İşimi Bilirəm” layihəsidir. (
http://www.ishimibilirem.az/ ). Maraqlı da bir konkurs başlayıb. Layihə barədə linkdən tanış ola bilərsiniz.  Təqdirəlayiq bir işdir, ümid edirəm daha çox insan iştirak edər.

Sonluq olaraq bəzi əlaqəli məsələləri bir daha xatırlamağın yeridir. İş görmək məsələsinə gəldikdə insanlar çox fərqlidir, eləcə də istedadlar və bacarıqlar. Hər Oxuyan Molla Pənah olmaz, və ya müasir deyimlə - hər gitarası olan uşaq Eric Clapton olmaz.
Bu mənada ən  əsas məsələ sevgi və həvəsdir!. Bizim bədənimizi və enerjimizi ruhlandıran məhz həvəs və sevgidir. Sevdiyin işi gördüyün zaman vaxt da sənin üçün bir başqa mahiyyət daşıyır. Sevdiyin işi 5 saat görmək sənə 10 dəqiqə kimi görünür, amma ruhunuza və enerjinizə uyğun gəlməyən işlə 10 dəqiqə məşğul olmaq  bizə 5 saat kimi gələ bilər. Səbəb isə sadədir – bu iş sizin enerji və həvəsinizi qidalandırmır. 

Sunday, November 28, 2010

Ümumdünya Ticarət Təşkilatına üzvlük, baryersiz ticarət ölkə üçün nə vəd edir?


Kənan Kərimzadə02/07/10 www.azadliqciragi.org
1997-ci ildən etibarən Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü mətbuatda ən çox işıqlandırılan və  geniş maraq kəsb edən müzakirə mövzusu olaraq qalmaqdadır. Qloballaşma və azad ticarətin daha geniş vüsət almasının təsiridir ki, bugün dünya ölkələrinin əksəriyyəti bu təşkilatın üzvüdür və xüsusəndə uzunmüddətdə dünya iqtisadiyyatına inteqrasiya etməyi qarşısına məqsəd qoymuş kiçik ölkələr üçün təşkilata üzvlük daha çox əhəmiyyət kəsb edir. Təşkilatın əsas məqsədi beynəlxalq ticarətin liberallaşmasını dəstəkləməklə yaranan ticarət problemlərini həll etmək və dünya iqtisadiyyatının inkişafına töfhə verməkdir. Bu məqalə yuxarıda göstərilən fikirlərdən irəli çıxaraq ÜTT-yə üzvlüyünün alternativsiz olduğunu və barriersiz ticarətin ölkə iqtisadiyyatı (cəmiyyətdən daha çox fərdi yanaşma, istehlakçılar nəzərdə tutulur) üçün yarada biləcəyi imkanlardan söhbət açır.