Paylaşım İqtisadiyyatı barədə. İki gündür internetim yoxdur, sazz məntəqəsinə gedə bilmirəm ki ödəniş edim. Dünən binadakı wi-fi lara baxdım ki bəlkə pulsuz "pendir" taparam deyə, 10-dan çox sayda bağlı hesab çıxdı. Ağlıma məşhur yanaşmalardan biri gəldi. Bəhs edəcəyim ABŞ-da yeni sayılan tendensiyadır və paylaşım iqtisadiyyatı adlanır.
Əgər hər hansı bir əşya sizə hazırda lazım deyilsə, siz onu digər adamlara icarəyə verə bilərsiniz. Bu hər şey ola bilər mənzil, avtomobil, kitab və ya internet. Bir çoxları düşünür ki bu tamamilə yeni bir iqtisadiyyat formasının başlanğıcıdır. Yeni olan mal və xidmətləri almamaq, əvəzində köhnə olanı istifadə etmək. Gördüyüm qədəriylə Amerikada bundan çox geniş istidadə olunur. Məsələn, adamlar çoxotaqlı mənzillər alırlar şəhərlərdə. Fərq etməz evi icarəyə götürüb və ya alıb, digər otaqları fərqli insanlara təklif etməklə yaxşı pul qazanmaq mümkün olur, xidmətdən istifadə edən də çox məmnun qalır. Təsəvvür edin ki evin hər kəsin ortaq istifadə edə biləcəyi böyük kitabxanası belə var, bütün təsərrüfat və mətbəx üçün lazım olan əşyaları, böyük stolları və stulları. Ayda bir dəfə çox böyük party də təşkil edə bilərsiniz və ya daha tez-tez, əgər çox dostunuz varsa təbii. Xərclərinizi beləcə çox azaldırsınız.
Bizim məmləkətdən də bəzi misallar verim. Məsələn, Bakıdan Sumqayıta gedən sakinlər yolüstü pul müqabilində insanları yaşadıqları yerə çatdırmağı təklif edirlər. Eynilə rayonlarımızda bir taksinin eyni zamanda bir neçə adamı götürməyini müşahidə edə bilərik, fərqli məntəqələrə çatdırırlar adamları. Wi-fi ilə bağlı da onu etmək olar ki, internet resurslarımızı da müəyyən pul qarşılığında bölüşə bilək. Binanın bir blokunda bir neçə internetə ayrı-ayrı bağlanan adamın olması əvəzində, anlaşaraq bir ortaq və daha ucuz başa gələcək xidmətə keçmək mümkün ola bilər. Paylaşım iqtisadiyyatı beləcə xərclərimizi minimumlaşdırmağa çox faydalı ola bilər. Açar isə ünsiyyət və anlaşmadır.
No comments:
Post a Comment