Saturday, January 5, 2013

İrəvandan Məktub (1909)

Cənab, Siz yazmışdınız ki İrəvan gimnaziyasının müsəlman şagirdləri başlayıblar bir-bir gimnaziyadan yarımçıq çıxıb getməyə.
Biz lazım bilirik sizə bu yolda cavab verək. Doğrudur, biz bir neçə nəfər İrəvan gimnaziyasının dördüncü və büşinci klasından yarımçıq çıxdıq.
Amma çıxmağımızın səbəbi var. Dünyaya məlum olan bir həqiqətdir ki, insan gecə-gündüz çalışır ki, özünə ruzi qazansın. Dərs oxuyanlar da elə bu qəsd ilə oxuyurlar. Əgər bu qəsd ilə oxumasalar, elədə gərək həkimlər naxoşa müalicə edəndə naxoşdan pul almıyalar, vəkillət dövlətli dustaqlardan pul almıyalar. 
Bütün İrəvanın əhli buna şahiddir ki. biz yarımçıq dərsdən qaçanlar İrəvanın ən dövlətli şəxslərinin oğlanlarıyıq və əgər Allah qoysa, bu dövlət bizə çatar, bizim övladımıza da kifayət edər. Elədə bir bizi başa sal görək, dəxi nəyə lazımdır oxumaq. Əgər desən ki, elm şirindir, biz də sənə deyərik ki, bağışlayın, qumar elmdən də şirindir, bu sözlərimizə də isbat budur ki, məsələn, klubda qumar oynuyanlar sübhə kimi qumardan ayrıla bilmirlər və heç kəs görmüyüb ki, klubda bir nəfər adam səhərə kimi kitab ya qəzetə oxusun.
Biz də bunu yaxşı başa düşüb gimnaziyadan çıxdıq və şəhərin kənarında bir qumarxana açdıq, xülasə, dəxi bunun mətləbə dəxli yoxdur, sözümüz oradadır ki, sağ olsun dövlət qazanan atalarımız: dəxi nəyə lazımdır oxumaq? 
İmza: bir neçə nəfər gimnaziyadan çıxan. 

No comments: