Wednesday, February 26, 2014

Kommunizm və filmlər barədə iki söhbət.

Kommunizm və filmlər barədə iki söhbət.

1948'ci ildə SSRİ "The Grapes of Wrath" (1940) filmini alır. Məqsəd izləyicilərə kapitalizmin bütün pisliklərini və ağır məngənələrini göstərmək olur. Amma bir neçə həftədən sonra film icarədən yığışdırılır. İzləyicilərin diqqəti çox başqa yerə yönəlmişdi. Hamı çox yoxsul, iflas etmiş fermerin necə yük maşını ala bildiyinə heyrətlənmişdi. Necə ola bilərdi axı ki kəndli proletar maşın sürsün?!
Chuck Norris Ruminayada kommunizmin yıxılmasında çox böyük pay sahibidir… və yaxud qara bazarda satılan video kasetlərdəki amerikan filmləri. 
Çauşesku dönəmində rejim insanlarla çox qəddarcasına davranırdı. Bütün xarici borcu ödəyəcəyik deyə o insanlara çox əzab verirdi. Əvəzində isə özünə çox böyük bir saray tikmişdi. 2009-da Buxarestdə həmin sarayda olmuşam, deyirlər Pentaqondan sonra ikinci böyük dövlət binasıdır. Bəlkə milyardlar xərcləyiblər onu tikməyə, çox ruhsuz yerdir amma. Çauşesku paytaxtdan kənar ərazilərdə bütün radiyo kanalları bağlanmışdı, televiziya yayımına gündə cəmi iki saat icazə varıydı. Həmin iki saat isə yalnız Kommunist propaqandasına həsr olunurdu. Hətta ölkə əhalisini sürətlə artıracağıq deyə abortu qadağan etmişdi. 

Anlayacağınız adamların əyləncəyə ehtiyacı böyüküydü. Qara bazarda həddən çox 80-ci illərin amerikan film kasetləri satılırdı. İnsanlar çox həyəcanla imperialist videolarına baxır, kommunizmin buyurmadığı və qadağan olan bir şeyi etməkdən həzz alırdılar. 
Flashdance, Taxi Driver, və Missing in Action kimi filmlərə demək olar hamı baxmışdı. Arnold Schwarzenegger, Sylvester Stallone və Chuck Norris Ruminiya yeraltı dünyasının ulduzları idi. 

Camaat filmlərdə çoxlu maşın qəzaları və silah atışmaları görsə də, bir çoxu fərqinə varmışdı ki ən sadə amerikanlar belə onlardan çox yaxşı şərtlərlə yaşayır. Bu filmlər həm də insanlara ölkələrinin çox geri qaldığını göstərirdi. Sadə insan münasibətləri, geyim, insanlar arasında söhbətlər və geniş azadlıqları görən Buxarest camaatı sarsılmışdı, azadlığın nə və necə fərqli olduğunu iliyinə qədər hiss etmişdilər.

Maraqlıdır ki bu filmləri tərcümə edən bir qadın varıydı, İrina Nistor. Bütün ölkə onu sevirdi amma heç kim onu tanımırdı. Xanım Nistor çox ehtiyatla yaşayırdı. 
1989-un sonlarında Çauşesku rejimi dağıldı. Xanım Nistor deyir ki bu gün öz etdiklərimə dönüb baxdıqda fəxr hissindən gözlərim dolur, mən Kommunizmi öz balaca əməlimlə sarsıltmışdım və bu mənə böyük həzz verirdi.

No comments: