Tuesday, July 5, 2016

9-cu siniflərin buraxılış imtahanı nəticələri RE-POST


 9-cu siniflərin buraxılış imtahanlarının nəticələri həqiqətən faciəvidirmi?
Aşağıdakı qrafikdə təsvir edilmiş son 4 ilin nəticələrinə nəzər salsaq görərik ki, buraxılış imtahanlarında 2 alanların sayı azalmaqdadır. Bu isə əslində müsbət trenddir. Əgər bu ilin nəticələri “faicəvi” adlandırılırsa, onda keçən ilin nəticələri “lap faciəvi”, 2014-2013 nəticələri isə “lap lap faicəvi” adlandırılmalıdır. 



Nə qədər adam 2 almalıdır? Nə qədər adam 5 almalıdır? Buraxılış imtahanlarında iştirak edənlərin neçə faizi 2 alsa biz nəticəni “faciə” adlandırmarıq?
O sərhəd hansıdır? 5%, 10%, 15%, yoxsa 20%? Bəlkə təklif ola bilər ki, heç 2 alan olmasın, hamı 3,4,5 alsın? Bu sərhədi kim müəyyən edir? Mümkünsə bu barədə şərh bildirin.

Ölkədə nəticələr pisdir dedikdə bütün ölkənimi nəzərdə tuturuq?
Bakıda 5 alanların sayı 2 alanların sayından çoxdur. 2015-ci il Bakı üzrə 9-cu sinif məktəblilərinin 13,5%-i ana dilindən 2 alıb, 19%-i isə 5 alıb. Riyaziyyatdan isə 14%-i 2, 19%-i isə 5 alıb. Bakıda hər 100 şagirddən 14-nün riyaziyyat bilməməsi çox faciəvidirmi? Öz siniflərimizdə olan vəziyyəti xatırlayırıqmı?

Əslində bütün bölgələrin, şəhərlərin, məktəblərin və siniflərin göstəriciləri fərqlidir. Bəzi məktəblər ənənəvi çox güclü, digərləri isə çox zəif nəticə göstərirlər. Məsələn, son illər ölkə üzrə Təhsil Nazirliyi tabeliyində olan liseylərin, digər özəl liseylərin, Naxçıvan, Mingəçevir, Qax, Sumqayıt və Bakı məktəblərinin nəticələri əhəmiyyətli dərəcədə yüksək olub. Bir çox rayonlarda nəticələr isə adətən ciddi problemlidir: Cəlilabad, Ağcabədi, Daşkəsən, Sabirabad, Masallı və Astara kimi.

Ümumiləşdirsəm, 9-cu siniflərin buraxılış nəticələri kəskin sərhədlərlə və ya "yaxşıdır", "pisdir" kimi ümumi sözlərlə təhlil olunmamalıdır. Ölkə daxilində bu göstəricilər dəyişir: çox yaxşı nəticə göstərən məktəblər və rayonlar da var, eyni zamanda çox bərbad nəticə göstərən məktəb/rayonlar. 


Düşünürəm ki, bu məsələlərə urapatriotizm və ya zay məhsul prinsipindən baxmaq olmaz. 

No comments: