Friday, January 10, 2014

Faşizm əleyhinə abidə

Harburq şəhəri Hamburqun yaxınlığında yerləşir. 1983-cü ildə yerli şura faşizmə qarşı ən yaxşı abidə üçün müsabiqə elan edir. Yarışı Jochen və Hertz adlı iki alman rəssamı qazanır. Abidəni parkda tikməkdən imtina edib, piyada küçəsində işə başlayırlar. 

Abidə 12 metrlik, dördkünc polad sütundan ibarətdir. Sütun qurğuşun örtüklüdür, bunu ediblər ki insanlar yazını rahatlıqla həkk edə bilsinlər. Hər bir şəxs bura imzasını, şəkil və ya faşizmə qarşı etiraz sözlərini yazır. Sütunun aşağı hissəsi yazılarla dolduqda, sütun tədricən torpağa batır. Sütunun üzərindəki bu yazı 7 dildə insanları imzalarını həkk etməyə çağırır. 
"Biz Harburq sakinlərini və şəhərimizin qonaqlarını öz adlarını bu sütuna əlavə etməyə çağırırıq. Yazılar çoxaldıqca bu 12 metrlik sütun tədricən torpağa batacaq. Bir gün bu abidə tamamilə torpağın altında olacaq. "
1986-cı ildə yaradılmış abidənin bir xeyli hissəsi indi torpaq altındadır, 70,000 imza ilə.