Türkiyə Cümhuriyyətinin qurulmasında rolu olan və Atatürkün komandasında yer alan əslən Azərbaycanlı düşüncə adamı Əhməd Ağaoğlu haqqında:
" Əhməd Ağaoğlu 1933-cü ildə Ankarada “Axın” adlı yeni qəzetin nəşrinə başladı. Bu dövrdə maddi çətinliklərlə rastlaşan Ağaoğlu qəzeti nəşr etmək üçün həyat yoldaşı Sitarə xanımın ziynət əşyalarını və Qarabağdan gətirdiyi qiymətli xalıları satmağa məcbur olur. İqtidara qarşı kəskin müxalifət mövqeyində olan bu qəzet öz səhifələrində hökümətin dövlətçilik anlayışını və siyasətini, eyni zamanda mədəni, iqtisadi və digər sahədə gerliləmələri tənqid edirdi. Ancaq, bu tənqidlər Atatürk tərəfindən xoş qarşılanmadı. Atatürk Əhməd bəylə bir görüşündə bu qəzeti nəşr etmək üçün pulları haradan təmin etdiyini soruşduqda, o, “Hər hansı bir şübhəsniz varsa, müfəttiş göndərin. Müfəttiş gəlmədikcə qəzet bağlanmayacaq” deyə cavab verdi. Atatürk onun bu sözlərinə əsəbləşmiş və “unutma ki, sən bir köçkünsən” sözləri ilə onu təhqir etmişdi.
Əhməd bəy Atatürkün bu rəftarından sarsılmış və bu cavabı verərək otağı tərk etmişdi: “Paşam... Mənə bu sözü çox adam söylədi. Hamısına güldüm. Ancaq sizdən bu sözü eşitməklə ruhumun ən dərin nöqtəsinə qədər sarsıldım. Çünki digərləri çox kiçik insanlar idilər. Siz isə bu ölkəni xilas etmiş insansınız. Bir tərəfdən bu dünyanın türk irqindən, türk millətindən yarandığını iddia edirsiniz, digər tərəfdən isə sərhədlərinizdən iki saat uzaqlıqdakı xalis və çox təəssüflər olsun ki, əsir bir yurddan türklüyünü qorumağa müvəffəq olmuş bir yerə gələn xalis bir türkə “köçkün” deyirsiniz...”. (Süreyya Ağaoğlu. Bir Ömür Böyle Geçti. İstanbul, 1975. səh. 65)
Bu hadisədən sonra “Axın”ın fəaliyyətinə son verilmiş və Əhməd bəy Ankara Universitetindəki vəzifəsindən “islahat” bəhanəsi ilə uzaqlaşdırılmışdı. Atatürk daha sonralar Əhməd Ağaoğluna qarşı ədalətsiz rəftarından peşman olmuş, onun qızı Sürəyya xanımdan “gəl bizi barışdır, atan mənə çox küsüb” deyə xahiş etmişdi. Ancaq, o, Əhməd bəydən “istənilən zaman uzaqlaşdırılan, istənilən zaman da sığallanacaq adam deyiləm və heç kimin qarşısında da əyilmərəm” cavabını almışdı". (Süreyya Ağaoğlu. Bir Ömür Böyle Geçti. İstanbul, 1975. səh. 65)
Mənbə: "Tariximizin Əhməd Ağaoğlu səhifəsi"
Elçin Əzimli
No comments:
Post a Comment