Bütün uşaqlığımız Azərbaycanda niyə stadionlara adamlar gəlmir söhbətlərinin müzakirəsi ilə keçib. Bizim məktəb vaxtlarında Bərdə rayonunun ölkə çempionatının ikinci liqasında çıxış edən “ABN-Bərdə” adlı bir klubu varıydı. Camaatımız çox pərişan idi ki qonşu Yevlaxın “Karvan” komandası yüksək liqada uğur qazanır, bizim kimi qədim Albaniya paytaxtının klubu isə ikinci liqadadır. Adamlar deyirdilər ki, bütün işlərin axırı yaxşı olacaq, təkcə lazım olan odur ki sponsor tapılsın. Əgər yaxşı sponsor olsa, o zaman futbol eşqi ilə alışıb yanan Bərdə gənclərinin əzmkar oyunu hesabına ölkə çempionu olacağıq. Və adamlar stadiona futbola baxmağa gələcək. Sponsor gəldi, nəticə olmadı. Sonra dedilər ki bəs stadionun təmiri lazımdır, təmir oldu, yenə bir nəticə hasil olmadı. Son bir qənaət belə oldu ki, əgər yeni stadion olsa, onda adamlar futbola baxmağa gələcək.
Kevin Kostner Field of Dreams filmində Ayova ştatının qarğıdalı əkinlərinin ortasında beyzbol sahəsi qurmaq istəyir. Filmdəki fermer obrazı özünə bu sözləri deyir: “Əgər biz beyzbol sahəsini qursaq, o zaman adamlar gələcəklər”. Menecment ədəbiyyatları bu filmi strateji layihələrin və planlarının qurulmasını öyrənənlərə çox tövsiyyə edir. Çox sadə və qısa izah ilə başlayır bütün strateji plan. Əgər biz bu sahəni qursaq, o zaman adamlar gələcəklər.
Ümumilikdə, bütün planlaşdırma prosesi gələcəklə bağlı düşüncələrdən ibarət və bu proses özündə nəticəyə çatmaq üçün lazımi səbəb-nəticə pillələrini ehtiva edir. Bu pillələrdəki məntiqi əlaqəni belə sadə misallarla təsvir etmək olar:
-Əgər beyzbol sahəsi tiksək, o zaman adamlar gələcəklər.
-Əgər insanların gəlirləri artsa, o zaman onlar daha yaxşı təhsil alacaq. Əgər insanların təhsili artsa, o zaman cinayət səviyyəsi də azalacaq.
-Əgər mənim tələbə təqaüdüm artsa, o zamanuniversitetdəki yeməkxanaya daha tez-tez gedəcəm.
Reallıqda mənim misalım və Kevin Kostnerin dediyi sözlərə belə asanlıqla çatmaq mümkün olmur. Stadionun, oyun meydançasının olmağı hələ adamların oyunlara gələcəyindən xəbər vermir. Eləcə də gəlirlərin artan səviyyəsi daha yaxşı təhsilin olacağının nişanəsi deyil. Adamların stadiona gəlməyi üçün ən azı udan bir komandanın olmağı vacibdir. Stadiona nəqliyyatla getməyin asanlığı, komandanın reklamının olub-olmaması, imicinin necə saxlanılması, şəhərin əhalisinin oyunlara getmək mədəniyyəti, əhalinin bilet almağa pulunun olub olmaması kimi səbəblərə baxmaq lazımdır. Yəni, stadion tikmək zəruri şərtdir ancaq hələ kafi deyil.
No comments:
Post a Comment