Thursday, February 24, 2011

Niyə TED? Biz nəyə ümid edirik? Gənclər üçün TED nə təklif edir?

TED-liderlərin, məşhurların,müxtəlif profilli ən  sadə insanların bölüşülməyə dəyən dəyərlərini paylaşdıqları qlobal bir arenadır.  Fərqi yoxdur kimsən  və nə iş görürsən,  TED üçün əsas olan ‘bölüşmək istədiyin bir dəyərin varmı?’ və insanlara özün barədə danışa bilərsənmi?’  kimi suallara  öz fikrini paylaşmaqla cavab verməkdir.  Fikrimcə, TED bir məşğuliyyət deyil, o bir həyat tərzi və stilidir.   Artıq üçüncü ildir ki mən də özümü bu həyat tərzi ilə yaşayan böyük bir şəbəkənin sakini hesab edirəm. Üzv olduğum sosial şəbəkələrdə ən çox paylaşdığım məhz TED videolarıdır. Könüllü olaraq azərbaycancaya bu videoların subtitr, alt yazısını hazırlayıram. İlk əvvəl fikrim var idi ki necəsə olsa mütləq bir TED konfransında iştirak etməliyəm. Bakıda müstəqil konfrans təşkil etmək və məhz bu dəyəri Bakıya gətirmək həvəsindəydim. Daha sonra gördüm ki mənimlə eyni dəyəri paylaşan bir heyət yaranıb artıq və bu istəyim TEDxBakı “Ruhun Dili”ilə gerçəkləşdi.

İlk tədbiri 26  Noyabr 2010  tarixində TEDxBakı “Ruhun dili ilə” adı altında keçirdik. Çox fərqli bir hiss idi. İlk tədbirdə öncədən tanıdığım çox insanları görmədim, bunun əksinə tanımadığım fərqli və müxtəlif sahələrdə fəaliyyət göstərib uğur qazanmış insanlar gördüm.

Çox həvəsli bir heyət formalaşdı. Azərbaycan insanın dünyaya deyəcəyi nə söz ola bilər deyib yola çıxdıq, danışan adamları yox düşünən insanları tapıb ortalığa çıxartmaq istədik. Nəticədə məqsədlərimiz formalaşdı. Biz ölkə insanına alternativ bir müzakirə yeri yaratmaq və dəyərli fikir, düşüncələri paylaşmaqla Azərbaycanda TED-i bir ənənəyə çevirmək niyyətindəyik və kifayət qədər iddialıyıq.


5 Mart 2011 ci il tarixində qadınlara həsr edilmiş TEDxBakı Women konfransını keçirməyə niyyətliyik.  Qlobal TED Women-dən təsirlənərək, lakin əsas sualları fərqli qoyaraq bu tədbirə doğru gedirik.  Azərbaycan qadınının dünya ilə paylaşacağı  fikir və düşüncələri ortaya çıxarmaq niyyətindəyik. Yeni insanları cəmiyyətə tanıtmaq və fərqli fikrləri ictimailəşdirməklə daha çox alternativ dəyərlər kəşf edəcək bir gücdə olduğumuza inanırıq.

TED gənclər üçün nə vəd edir? Artan internet istifadəsi və internet televiziyasının genişlənən imkanları gəncləri daha çox sosial məsələrə münasibət bildirməyə və müxtəlif proseslərdə iştiraka həvəsləndirir.  TED böyük internet televiziyası rolunu öz üzərinə götürməklə, gənclər üçün müxtəlif mövzularda fərqli fikirləri təklif edir, onlara çox geniş müzakirə mühiti yaradır. Nəticədə geniş miqyaslı fikir və düşüncələrdən bəhrələnməklə yeni nəsil özünü daha yaradıcı və innovativ şəkildə yetişdirmək imkanı əldə edir.

‘Niyə gənclər TED izləməlidirlər  sualına qəti bir cavabım var. Fərqli fikirlər həmişə qlobal bilik bazarında rəqabəti tətikləməklə onun  inkişafına səbəb olub. Təbii ki TED-in gənclərə təqdim edə biləcəyi ən böyük töhfə onları bu prosesə daha sürətli bağlaya bilməsi və artan rəqabət mühitində fərqli və innovativ insanların ortaya çıxarmasıdır. Qarşılıqlı olan bu dəyər paylaşılması prosesində isə udan bütün Dünyamızdır.

TED bir həyat tərzidir

Kənan Kərimzadə
www.tedxbaki.com


1 comment:

Anonymous said...

Çox dəyərli və vaxtında başlanmış bir layihədir. Uğurlar arzu edirəm. Yaxın zamanda Bakıda olanda görüşüb tanış olmaq maraqlı olardı.

Elçin